Sağlamlığın bir vacib qanunu var: xəstəliyin yaranmasının qarşısını almaq sonradan onu müalicə etməkdən daha asandır. Təəssüf ki, biz bunun fərqinə ancaq xəstələndikdən sonra varırıq. Vəd etdiyimiz kimi, bu söhbətimizdə fibromiomaların profilaktikasından danışacağıq.

Doğrudur, hələlik elmdə miomaların yaranma səbəbləri barədə vahid nəzəriyyə yoxdur. Lakin əksər xəstəliklər kimi, bu xəstəliyin də əmələ gəlməsinin qarşısını almaqçün mütləq sağlam həyat tərzi sürmək lazımdır. Özü də miomaların profilaktikası yalnız düzgün qidalanma, fiziki aktivlik və zərərli vərdişlərdən uzaq durmaqla məhdudlaşmır. Xəstəliyin qarşısını vaxtında almaq üçün konkret tədbirlər görmək lazımdır. Sözümüzə diqqət edin, xəstəliklərdən yan keçməyə çalışın. Axı, siz həmişə şux və gümrah olmalısınız.

Hə, əziz qadınlar. Yuxarıda sadaladığımız bütün hallarla yanaşı yemək-içməyinizə də xüsusi fikir verməlisiniz. Çünki bir sıra elmi tədqiqatların nəticəsi bunu tələb edir. Məsələn, Boston Universitetində  maraqlı bir tədqiqat aparılıb. 30 yaşlarında olan 23 min qadın üzərində araşdırmaların nəticəsi göstərib ki, daha çox meyvə yeyən və A vitamini qəbul edən qadınlarda miomanın əmələ gəlmə ehtimalı digərlərinə nisbətən xeyli azdır. Alimlər müşahidə ediblər ki, gündə 4 porsiya meyvə yeyənlərdə 1 porsiya meyvə yeyənlərə nisbətən 10%  daha az mioma əmələ gəlir.

Bədən tərbiyəsi ilə məşğul olmaq da mühüm əhəmiyyət daşıyır. İdman ümumiyyətlə endokrin hormonal sistemə və cinsiyyət vəzilərinin funksiyasına müsbət təsir göstərir. Müxtəlif vəziyyətlərdə ayaqların elementar hərəkəti, qarın əzələlərinin məşğələləri kiçik çanaq orqanlarında durğunluğu aradan qaldırır.

Bir vacib məsələni də diqqətinizə çatdırım. Çox vaxt, xüsusilə gənc yaşlarda gözəl görünmək üçün qızlarımız soyuq havalarda nazik paltarlar (qısa ətəklər, nazik corablar və s.) geyinirlər. Nəticədə sistit, yumurtalıqların iltihabı və s. yaranır. Ona görə də, geyim mövsümə uyğun olmalıdır. Xüsusilə diqqət yetirmək lazımdır ki, ayaqlar, dizlər və sağrı nahiyəsi islanmasın, soyuqlamasın. Ayağınıza isti corab geyinib isti ayaqqabılarla gəzsəniz bu cür “qadın soyuqlamasından” qoruna bilərsiniz. Yayda da, qışda da sağlamlığınızın qeydinə qalın. İstilərə aldanıb heç yayda da nəm torpaqda və daşda oturmayın. Dənizdə, yaxud hovuzda çiməndən sonra yaş paltarları əyninizdə saxlamayın, dəyişin. Onu da bilin ki, sintetik alt paltarları və çox dar şalvarlar qadın sağlamlığına ciddi ziyan vurur.  Onlar dərini nəfəs almağa qoymur, hava dövriyyəsinin qarşısını alır və zərərli bakteriyaların inkişafına münbit şərait yaradır. Təəssüf ki, gündə bir dəbin meydana gəldiyi dünyamızda indiyədək  sağlam həyat tərzi üçün yaradılmış moda yoxdur.

Gözəl xanımlar, yaşınızdan asılı olmayaraq yuxu və istirahət rejiminizə əməl edin. Bilirəm, bu həmişə alınmır. Amma siz imkan daxilində cəhd edin. İmmun sisteminizi daim gücləndirin. Təmizliyi əldən qoymayın. İntim gigiyenanıza xüsusilə diqqət yetirin. Təmizkarlıq sizi qadın cinsiyyət orqanlarının iltihabi xəstəliklərinə yoluxmaqdan və xəstələnməkdən qoruya bilər.

 Söhbətimizin yekununda miomalardan qorunmaq istəyənlərə yaddaqalan profilaktik məsləhətlər vermək fikrindəyəm. Şərtlər o qədər sadədir ki, onu hər kəs yerinə  yetirə bilər.

Bizə qulaq asın və xəstələnməyin. Gəlin sağlamlığınızı birlikdə qoruyaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *